Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

Rusların Fransada amerikan oyunları

Fransada baş verənlərə görə radikal islamçılara çox da şey eləməyin. Əminəm ki, o yetimlərin dünənki hadisələrə heç bir aidiyyəti yoxdur. Bu gün Kerri ilə Lavrov (ABŞ vs. RF) görüşür. Dünənkilər 100% bu ikisindən birinin işidir.

Fransada terror aktı

Şəxsən mənim fikrimcə, bu rus xüsusi orqanlarının həyata keçirdiyi əməliyyatdır. Heç bir burnu fırtıqlı islamçı Fransa paytaxtında belə planlaşdırılmış terroru həyata keçirə bilməz.

Bu hadisələr istənilən halda ruslara sərf edir:
1. Misir üzərində rus sərnişin təyyarəsinin partladılmasına görə Amerikaya cavab oldu (ölü sayı təxmini eynidir);
2. “Stabil Rusiya” fonunda Avropada ksenofobiya, irqçilik artacaq, ara qarışacaq;
3. Rusiya Avropanı Amerika ilə üzbəüz qoyur – Avropa məcburən İŞİD-ə qarşı real hərbi əməliyyatlar aparacaq;
4. Bunun nəticəsi olaraq Avropa məcburən Suriyada Rusiya ilə hərbi əməkdaşlığa cəlb olunacaq;
5. Putin dəmir qanadlı bir sülh quşu (özü-özünə ad qoyub) kimi bütün dünyanı terrora qarşı birləşməyə çağıracaq (artıq bunu etdi);
6. və nəhayət “stabilliyin qarantı” Putinin Rusiyada reytinqi 89%-dan da qalxıb 95% (bəlkə də 99%) olacaq.

Ara yerdə yenə qara camaat qırıldı. Allah ölənlərə rəhmət, yaxınlarına səbir, siyasətçilərə də insaf versin.

Çoxsaylı problemlərdən başınız açılsın )

Çoxsaylı problemlərdən başınız açılsın, bu videoya baxıb, biraz əylənənin.
Şok! Kanadalı qızlar bu üstündə “Tərəkəmə” oynadılar! ))

Ehtiyyatlı olun! Sosial yardım təşkilatı!

Demək olar ki, özünü sosial yardım təşkilatı kimi təqdim edən əksər özəl təşkilatların arxasında mütləq bir dələduzun olması qaydadır. Özü də keçiblər yeni texnologiyalardan faydalanmağa – məsələn, yalandan sosial şəbəkələrdə hay-küy salırlar, bəs filan yerə kömək etmirlər, vəziyyət pisdir, müxtəlif dövlət təşkilatlarına, nazirliklərə təzyiq edirlər. Sonra həmən hay-küyə uyğun təklif verib, külli miqdarda qrant udurlar. Qrantda bir başa gedir ciblərinə.

Ehtiyyatlı olun! Sosial yardım təşkilatı!

Mən özüm dostlarla vaxtılə təmənnasız qocalar və uşaqlar evinə, yardıma ehtiyacı olanlara çoxlu yardımlar təşkil etmişəm. Biz o vaxtı qapı-qapı düşüb insanlara yardım paylayırdıq, yemək təşkil edirdik, günlərimizi buna sərf edirdik. Biz getdikdən sonra isə bu şərəfsiz təşkilatlar gəlib həmən insanları bir yerə yığıb, onları yardımla bir yerdə videoya çəkirdilər və guya yardımın onların etdiyini göstərmək üçün hesabat hazırlayırdılar. Hətta utanmadan xəbərlərdən sonra efirə gedən bir neçə reklam süjetində də bizim etdiklərimizi öz adlarına çıxırdılar. Beləcə məni və mənim kimi minlərlə insanı bu işdən soyutdular.

Bunu yazmağa səbəb odur ki, indi də bu şəfərsizlər keçiblər sosial şəbəkələrə. Aldanıb, onları dəstəkləməyin.

Kreativlik böhranı

Azərbaycanda hər şeydə olduğu kimi, kreativlikdə də böhran var. Bu əsasən də özünü loqotiplərdə göstərir.

İnsanlar loqo sifariş etdikdə elə bilir ki, mütləq onların fəaliyyəti hər hansı bir şəkildə bu loqotipdə öz əksini tapmalıdır. Özü də fərq etməz, bu özəl sektordur, ya dövlət strukturu. Məsələn, əksər tikinti şirkətlərinin loqotipində mütləq ekskavator, kran təsviri, İT şirkətlərində mütləq Matrix filmi fason bir element olmalıdır. Mən hələ şablon dövlət strukturlarının loqotiplərini demirəm. Əslində bu primitivizmdir — bir növ loqoya baxan insanlara ismarıcdır ki, ay eşşək, bildin bu haranın loqosudur?

Bir neçə ay bundan öncə Azercell-də birgə çalışdığımız dəyərli dostumuz Rustam Aliyev “Startup Azerbaijan” layihəsi üçün loqo hazırlamağımı istədi. İşə başladım, bir neçə variantdan sonra final variant hazır oldu. Loqoda əsas element dəyişkən rənglər oldu. Müxtəlif fonlarda, müxtəlif rənglərdə. Bu gün görürəm ki, rənglərə xitam verilib, hərflər arası effekt götürülüb və UP sözünün üstünə strelka işarəsi qoyulub. Guya bu layihədə iştirak edəcək öz işlərinin biliciləri bilməyəcəklər ki, UP nə deməkdir, mütləq bu sözün mənasını onlara çatdırmaq lazımdır.

Nəticədə daha çox işıq transformatoru loqotipinə oxşar bu loqoda harmoniya itib, orta-statistik “kolxoz” loqoya çevrilib – monoton yazı Startip kimi oxunur, strelka işarəsi isə P-dən başlayıb əsk istiqamətdə inkişaf edir.

logo_startup

Bu yazıyla layihəyə heç bir səbəblə kölgə salmaq istəmirəm. Sadəcə müasir texnologiyaları təbliğ edəcək bu kimi layihəyə köhnə sovet üsulu ilə loqo tərtibini yaraşdırmadım.

Sitat – Bakcell 3G və İnterneti bağlayın ki, pulunuz uçmasın…

Bir analoqu olmayan hadisə danışacam. 3 həftə bundan qabaq Bakcell nömrəmi aktiv etmək qərarına gəldim. Balansa 30 manat qoyub, bu nömrədə olan telefonu 2-ci telefon kimi test etməyə başladım. Klass abonenti olduğum üçün mənə bonus kimi 250MB İnternet də verdilər + 35MB İnterneti də özüm sifariş etdim. Telefonun ayarlarından trafikə nəzarət funksiyasını aktiv etdim. Bundan əlavə — demək olar ki, bütün günü ofis və evdə Wi-Fi-dan istifadə edirdim. Amma bütün bunlara və telefonun ayarlarının hələ cəmi 229 MB mobil trafikin sərf olunduğunu göstərməsinə baxmayaraq, fevral ayının 12-si Bakcell balansımdakı 30 AZN pulu silib + hələ 18 AZN-də borc yazdı.

Bakcell İnternet

Bir gün sonra yolum Yasamalda yerləşən bir Bakcell diler mağazasından düşdü. Fürsətdən istifadə edib, dedim bunlardan soruşum, bəlkə məsələnin nə yerdə olduğunu bilələr. 20 dəqiqə Bakcell təmsilçisini gözləmişəm, nəsə edirdi. Nəhayət Bakcell təmsilçisi gəlib mənə deyir ki, sizin telefonda 3G funksiyası açıqdır, onu və İnterneti bağlayın, pulunuz uçmasın. Deyirəm, mənə elə lazım olan 3G, İnternet funksiyalarıdır, siz mənə deyin görüm 48 AZN nəyə sərf olunub. Yenə 3G-ni, İnterneti söndürmək məsləhətindən başqa tutarlı cavab almadım. Daha sonra Bakcell-də faktura kəsilmə vaxtının ayın neçəsi aparıldığını soruşdum, ümumiyyətlə fakturanın nə olduğunu bilmədilər. =)

Zəng etdim Bakcell-in 555 Müştəri Xidmətinə. Telefonu cavan oğlan götürdü. Deyir, bəs siz 480 MB İnternet sərf etmisiniz, o da edir 42 AZN. Daha sonra bir də 555-ə zəng etdim. Bu dəfə xanım qız götürdü və nisbətən dolğun informasiya verdi. Sən demə mən 10 fevrala kimi mənə bonus verilən 250 MB + 35 MB-ni istifadə etmişəm. Ayın 11-i isə 42 (!) manatlıq mobil İnternet istifadə etmişəm. Bu başı bəlalı 42 AZN-lik mobil trafikin nəyə və necə istifadə olunduğu haqda isə Bakcell təmsilçisi məlumat verməkdən boyun qaçırdı…

1 günə 42 manatlıq İnternet trafik… Özü də 2-ci telefonda… Nə videoya baxmışam, nə də albomlar açmışam… Allah insafınızı kəssin!

21 Dekabr “Qiyamət gününə” həsr olunmuş post

Bu absurd komediyaya dair bir şey yazmaq fikrim yoxdur, sadəcə məni bu sual çox maraqlandırır…

Bayrağın cəddi tutacaq sizi!

Bu olaya diqqət yetirin — bəyənmədiyimiz erməninin deputatı gəlib Bakıda at oynadır, amma bizimkilər qorxudan açıq-aydın provokasiyaya etirazlarını bildirməyib, sanki hər şey belə olmalıdır kimi gurultulu fit səsinin müşaiəti ilə hərəkət edirlər.

Keçək mətləbə. Bu tədbirdə KİV-lərin yazdığı kimi Azərbaycanla 2 dəfə deyil (1 — qara dərili qız və 2 — tamaşaçıların fiti), düz 4 dəfə mırtlaşırlar (bizə məlum olanı). Siz qara dərilinin tutduğu lövhəyə və bizim idmançının əlindəki bayrağa diqqət yetirin. Lövhədə guya Azərbaycan bayrağı əks olunub, amma bütün rənglər mümkün olan qədər tərif edilib. Əldəki bayrağı isə eləbil 1280 dəfə paltaryuyan maşında yuyub, taxtaya qoşub verilblər bizimkilərə — rənglər tamamilə solub.

İndi erməni erməniliyinə salıb, qarabalanı ortaya atdı, fitlədi. Guya tolerantıq — dilimizi soxduq içimizə, dinmədik, bəs niyə o bayraqlara etiraz edilmədi? Bu ki biabırçılıqdır. Cavab isə çox sadədir — şübhəsiz ki, bayrağımızın rənglərindən bixəbərdirlər və bu işi də tədbiri keçirən ermənilərin “insafına” buraxıblar.

Ey analoqu olmayan vətənpərvər qövmü! Bilin və agah olun ki, Azərbaycan bayrağının rəngləri sadə göy, qırmızı və yaşıl rənglərdən ibarət deyil, bayrağın rəngləri çox özəldir — göy dediyimiz — səmavi mavi, qırmızı — qan qırmızısı, yaşıl isə mavi rəng qatqılı yaşıl olmalıdır.

Bu da Respublika Konsitusiyasında qeyd olunan rəng və ölçülərə əsasən yaradılmış bayraq nümunəsi (və düzgün olmayan nümunələr):

Məgər bunu yadda saxlamaq bu qədərmi çətindir? Çətindirsə, yükləyin bahalı telefonlarınıza, vaxt gələndə lazım olar.

Yazı həmçinin yayımlanır:
FOXnews.az — Bayrağın cəddi tutacaq sizi!

Qoyunbazların qoyunbazlığı

Televizor bar-bar bağırır ki, guya qurbanlıq qoyunlarının qiymətinə nəzarət var — şəhəri ələk-vələk etdim — yalan söhbətdir. Başqa vaxt 120-140 manata aldığım qoyun indi ən ucuzu 250-300 manatadır.

Eləmə tənbəllik, getdim dövlətin təşkil elədiyi bir neçə qurbanlıq qoyunları yarmarkasına — heç birində qoyun yoxdur. Əvəzində 2-3 alverçi oturub dədəsinin qiymətinə qoyun satır. Ətrafdakılardan soruşdum ki, nə məsələdir, qoyunlar hanı?! Dedilər bəs 20-30 qoyun gətirmişdilər, onları da öz adamları alıb indi bu qiymətə satırlar.

Seçim qarşısında qaldım — ya 120 manatlıq qoyunu 300 manata alıb, elə özüm əsl qoyun olum, ya da şərəfsizlərə lənət oxuyub, əliboş qayıdım. Birincini seçdim — əliboş qayıtdım. Yoxsulların qarnını doydurmaq üçün alacağım o qoyunu 3-4 gün sonra da alıb kəsə bilərəm, amma qurbanlıqdan istifadə edib camaatı soymaq ən böyük şərəfsizlikdir!

Allah lənət eləsin!

Yazı həmçinin yayımlanır:
FOXnews.az — Qoyunbazların qoyunbazlığı

İnqilab yetişir… Texnoloji aləmdə =)

Microsoft Surface. Texnoloji inqilabın növbəti mərhələsi. Düzü axır vaxtlar Microsoft-a inamın azalmışdı (Apple-ı ilahiləşdirmişdim), amma son dövrlər bu aləmdə baş verən hadisələr və yeniliklər, Apple-ın yerində sayması və nəhayət Office 2013-ü sınaqdan keçirməyim kiçikyumşaqların nəsə inqilabi bir şey hazırlamasına inandırıb. Apple istifadəçiləri loxladığı bir vaxtda Microsoft tam yeni bir məhsulu – Surface-i satışa çıxarır və artıq sifarişləri qəbul edir. Qiyməti isə heyran edicidir – 499$ (380 manat). Urus demişkən, oxrenet! ABŞ-da yaşasaydım bir-iki kilo alardım…

Surface haqda ətraflı məlumat burada — surface.microsoftstore.com

PS. Apple, давай, до свидания! =)

Yazı həmçinin yayımlanır:
FOXnews.az — İnqilab yetişir… Microsoft Surface

“Bakımızda” qiyamət gününün əlaməti

Bu gün axşam keçmiş Musabəyov heykəlinin yanındakı dairəni keçdikdə gördüyüm mənzərədən şok oldum. Özümü itirdim, gördüyümə inanmadım. İlahi, yoxsa yatmışam və gördüklərim sadəcə röyadır?! Bəlkə bu gecə vaxtı ehtiyatsızlığımdan kosmik tunelə düşdüm və indi paralel dünyadayam?! Belə möcüzəmi olar?! Buna axı nə ad vermək olar?!

Özümü çimdiklədim — oyanmadım. Yox, bu reallıq idi.

Acı reallıq bu sevinc dolu ümumbəşər hadisəni rahat seyr etməyi mənə çox gördü — elə möhtəşəm görüntünü hipnoz edilmiş dovşan tək seyf edirdim ki, işıqforun yaşıl işığı yandı, arxadakı maşınlar da ki, Maşallah, siqnallarını həmən ulatmağa başladılar. Yeri gəlmişkən, bizdə siqnal mövzusunda da qanacaq “o məsələ”.

Şükürlər olsun, qismətim mənə daha bir şans verdi — tələm tələsik, əllərim həyacandan əssə də bu tarixi məqamı telefonumun yaddaşına həkk edə bildim. Budur, öz həyati missiyamı yerinə yetirib, bu şəkillə bölüşürəm.

Əzizlərim, ehtiyyatlı olun, şübhəsiz ki, qiyamət yaxınlaşır…

Yazı həmçinin yayımlanır:
FOXnews.az — “Bakımızda” qiyamət gününün əlaməti

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

Shukurzade & Company

City Brand

FOXMART

FOX.AZ

Euronet Telecommunications

SMSim.az

Online Oboylar

Все для дома

Европейский дом обоев

Немецкий дом света

Azercell Game Center

Islamic Network

Азербайджан Online

Maps Project

Imishli.com

İzləmə sistemləri

RSS və ya Atom