Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

Ə-nin dərdi var, daşı ağırdı

Qoca kaftarların Ə hərfindən nə istədikləri müasir elmə məlum deyil. Düzü onlar elə elmin adından çıxış etsələr də, bu elmin nə elm olmasından əqli-bəşər bixəbərdir. İndiyə kimi isti kabinetlərdə oturub paslananlar birdən-birə web-dizaynerlərin qayğısına qalmağa qərar veriblər. Sən demə İnternet seqmetimizdə bütün problemlərin mənbəyi Ə hərfidir ki, onun da Ä hərfi ilə əvəzlənməsi labüddür, mütləqdir və həyata keçiriləsidir.

Dostlarım, şübhəsiz ki, Ə Ä ilə əvəzlənərsə, bu gözəl hadisənin sabahı Azərbaycanda parlaq Günəş tək mütləq Google, Facebook, Twitter səviyyəli saytlar peyda olacaq, xüb, buna istənilən potensialımız da var — divarlara yazılan wap saytların adını bir bazada cəmləsək, Google-un axtarış bazasından daha zırpı bir şey alınacaq ki, bu da Azərbaycanı nəinki dünyada, hətta Günəş sistemində də analoqsuz edəcək, bayrağımızı bir daha yüksək zirvələrdə dalğalandıracaq. Odur ki, mütləq qociklərin bu möhtəşəm və uzaq görən təklifini dəstəkləyib, Ə-yə rədd ol deyirik və xdfrs sdgfhlkq asklsd dldfgkd xlkxclkslklüeüpööx!

Yaşasın Azärbaycan!

PS. Bu qociklər skandinaviya ölkələrdə yaşasaydılar, o zaman bu hərfə “Æ æ” nə deyərdilər?! =)

Yazı həmçinin yayımlanır:
FOXnews.az — Ə-nin dərdi var, daşı ağırdı…

Apple vs. Blackberry

Son vaxtlar yazmağa nəsə həvəs yoxdur. Soyuqların düşməsi qanımı dondurub, yaman aqressivləşmişəm. =)

O səbəbdən, çox yazmayacam — gəlin nəhənglərin döyüşünü izləyək: Apple vs. Blackberry. Əslində Blackberry-yə nəhəng deməyə dilim gəlmir, bu şirkət konkret Nokia-nın yolunu tutub — gözümüz önündə əriyir. 2011-ci il üçün son maliyyə hesabatlarına görə 2010-cu ildə sahib olduğu bazarın 50% (!) itirməyə “nail olub”. Heç başı batmış Nokia da belə antirekord etməmişdi, əhsən BB!

Bizim millətin BB sevgisini nəzərə alsaq, vəziyyət əlbətki, acınacaqlıdır. =) Yeri gəlmişkən, digər açıqlamalara görə Azərbaycanda satılan hər 50 BB-dən cəmi birində BİS aktiv edilir. Digər hallarda BB “risovkalıq” üçün İnternetsiz kərpic rolunu oynayır. Nəsə, keçim mətləbə.

İlk olaraq Apple (rəsmilik təstiqlənməyib) sadə və möhtəşəm çarxla çıxış etdi:

Daha sonra Blackberry rəsmi olaraq buna cavab verdi:

Növbə Apple-da idi və cavab gəldi:

Mənim fikrim isə — qapalı və N qədər səhvləri özündə cəmləşdirən təkəbbürlü Blackberry-nin 1000 dənəsi belə kiçik detalına kimi düşünülmüş bir iPhone-a dəyməz.

Blackberry erası bitdi. Əlvida!

Mövzuya dair forumda müzakirələr ↓
Apple vs. Blackberry

Gələcək Microsoft-la gələcək?!

Bu günlərdə Microsoft şirkəti üzərində işlədiyi yeni qadjetləri təqdim etdi. Kifayət qədər maraqlı ixtiralardır. Ola bilsin Microsoft məhsul kimi bu yeniliklərdən yararlana bilməsin, amma patent kimi nəyi var yararlanacaq. Özü də, Microsoft-un patentləri sırımaqla arası yaxşıdır – məsələn, Google öz ixtirası olan Android Əməliyyat Sistemindən 1 sent belə qazanmadığı halda, Microsoft patentləri hesabına bu əməliyyat sistemini istifadə edən smartfon istehsalçılarından hər telefondan 10-20$ pul tutur! Nəyi-nəyi, amma pul qazanmağı Microsoft yaxşı bacarır.

İxtira 1 — OmniTouch

***
İxtira 2 – HoloDesk

***
İxtira 3 – PocketTouch

Mövzuya dair forumda müzakirələr ↓
Texnoloji yeniliklər

Professorlar ölkəsi!

Bu günlərdə Yeni Müsavat saytında Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun təklifi haqda bir məqalə oxudum. Məqalədə diqqətimi cəkən təklifin məğzi yox, təklifdə yer alan qısa statistik məlumat idi. Sitat — Ali təhsil müəssisələrində elm daha sürətlə inkişaf etdiyindən, elm sahəsinin də Təhsil Nazirliyinin kurasiyasına verilməsi məsələsi ortaya çıxır! Azərbaycanda 1800 elmlər doktoru və professor var. Bunların 1200-dən çoxu ali təhsil müəssisələrində, 500 nəfəri Azərbaycan Milli Elmlər Akademiyasında, qalan hissəsi isə hökumət qurumlarında çalışır. 

Hə, deməli 1800 elmlər doktoru, professorumuz var, bizim də xəbərimiz yoxdur. Bu əhali sayına nisbətdə analoqu olmayan göstəricidir! Belə ki, sitat gətirilən statistikaya inansaq 8 milyonluq ölkəmizdə hər 4 min insandan biri sən demə professor imiş. Misal üçün inkişaf etmiş 127 milyonluq Yaponiyada son statistik məlumatlara görə cəmi 4 min professor var. Bu ölkə əhalisinə nisbətdə 40 min adama bir professor deməkdir. Pah atonan, sən bir inkişafa bax e — Yaponiyanı 10 dəfə geridə qoymuşuq! Professorlar ölkəsi! Əhsən!

PS. Bu qədər elmlər doktoru, professor ordusunun əksər üzvləri nə ilə məşğuldur, yəqin tək bir Allah bilir.

Mövzuya dair forumda müzakirələr ↓
Professorlar ölkəsi!

Əfsanənin sonu…

Stiv Jobs bu gün vəfat etdi. Ola bilsin ortastatistik Nokia və Windows sevər istifadəçiyə bu ad heçnə demir, amma bir çoxları üçün bu insan və onun keçdiyi həyat yolu əsl məktəbdir.

Texnoloji titan, əfsanə, kreator və gözəl marketoloq Stiv getdi. Stiv həm də milyarder idi. Milyarderləri adət üzrə heç kim sevmir, səbəbi də ya adi cılız paxıllıq, ya da milyarderin milyardlara yiyələnmə metodudur. Amma bu gün dünyada total Stiv məhəbbətinin şahidi oluruq. Dünya liderləri, sadə insanlar, qlobal informasiya agentlikləri, TV və radiolar həmrək olub bu sadə və zəhmətkeş insanı yad etdi. Niyə? Çünki bu insan hər şeyə öz zəhməti sayəsində yiyələnib. Bizim neft pullarımız sayəsində şişib sinəsinə döyənlərə örnək olsun.

Stiv mənim də həyatımda böyük rol oynayıb. Adını çox eşitdiyim və həsrətində olduğum Macintosh kompüterini ilk dəfə 2000-ci ildə CBS poliqrafiya şirkətində gördüm. Çox qeyri-adi, fantastik və individual bir kompüter idi. Mac OS-lə o vaxtdan tanışlığım başladı. O vaxtlar Stiv Apple-a yenicə qayıtmışdı, şirkətin işləri elə də yaxşı getmirdi. Update-lər gec-gec çıxırdı, Mac-lar bir növ funksionallıqda Windows-a uduzurdu + bizim millətin Corel Draw sevərliyi Mac-dan istifadəni çətinləşdirirdi. Daha sonra İnternet erası başladı. Bu eranın ilk günlərində öndə gedən Macromedia şirkəti (sonda Abode tərəfindən uduldu) demək olar ki, bütün proqramlarını Windows platforması üçün nəzərdə tuturdu. Elə bu səbəbdən də, 2003-ci ildə Mac-dan tam ayrıldım, Windows-a keçdim… ta 2006-cı ildə yenidən iMac-ı görənə kimi. Gördüm — yenidən vuruldum. 2006-cı ildən etibarən Mac OS X istifadəçisi oldum. Bu il isə təmamilə Mac-a keçdim.

Stiv getdi. Amma ümid edirəm Apple erası hələ davam edəcək. Çünki zaman göstərdi ki, heç bir şirkət Apple qədər istifadəçilərə dəyər verib həyatımızı asanlaşdıra biləcək qədər sadə və orijinal məhsullar təqdim etmir.

Sonda əfsanəvi Stivin əfsanəvi çıxışını təqdim edirəm. Mütləq izləyin:

Mövzuya dair forumda müzakirələr ↓
Steve Jobs – “Apple”in qəhrəmanı vəfat etdi!

Şah İsmayıl vs. Sultan Səlim

Son günlər fars şovinizmində boğulan İranın Azərbaycana mənəvi hücumu daha da intensivləşib. Sosial şəbəkələrdə dalbadal Azərbaycan ərazi bötüvlüyünü şübhə altına alan səhifələr yer alır, konkret yalan məlumatlar (xəbərimiz yoxdur, sən demə havalanmış farsların iddiasına görə danışdığımız türkcə əslində türkcə deyilmiş, farsiymış :))  yayan saytlar yaradılır. Bir bu səhifələrin insanlara çatdırmaq istədiyi “həqiqətlərə” diqqət yetirin — on.fb.me/o782iJ və on.fb.me/pMPFzA — molla rejiminin əsl mahiyyətini anlayacaqsınız.

Bu azmış kimi, fürsətdən istifadə edib iki türk qardaşın tarixdə buraxdığı bir səhvdən maksimum “faydalanmağa”, onu yeri gəldi-gəlməz köpüklü ağızla qabartmağa çalışıb, Anadolu və Azərbaycan türklərini bir-birlərinə düşmən kimi təqdim edirlər. Söhbət Çaldıran döyüşü ətrafında yaranan söz-söhbətlərdən gedir. Bu səhvin özəyində liderlərin, fərdlərin səhvləri yer alır, bu da qanı, dili, dini bir olan bir millət üçün düşmən olmağa əsla yetməz. İslamaz.com saytında bu olaya aydınlıq gətirən gözəl bir tarixi araşdırmaya rast gəldim, Sizlərlə bölüşürəm. Araşdırma dini prizmadan nəzərə alınıb, amma ümumi abu havanı düzgün çatdırır:

Şahın düşməni

Səlim uşaqlıqdan öz qəddarlığı ilə seçilirdi. Məhz onun bu xüsusiyyəti Sultan II Bəyazidi vadar etdi ki, Səlimi deyil, digər oğlu – Əhmədi vəliəhd təyin etsin. Lakin Səlim bununla razılaşa bilməzdi və atasına qarşı ordu yığaraq İstanbula hücum etdi. Sultan Bəyazid oğlunun ordusunu darmadağın etdi və Səlim Krıma qaçmalı oldu. Burada güc toplayan şahzadə yenidən atasına qarşı ordu çəkir. Osmanlı saray salnaməçilərinin yazdığına görə, 1512-ci ildə Sultan Bəyazid taxtdan imtina edərək onu Səlimə təhvil verir. Lakin bu məlumatın nə qədər düzgün olması şübhəlidir. Çünki, ilk günlərdən Sultan Bəyazid oğlunun hakimiyyətə gəlməsinə müxalif idi. Bəzi tarixçilərin iddiasına görə Səlim atasını öldürür və bu yolla hakimiyyətə gəlir. Hər halda, 1512-ci ildə İstanbula girən Səlim özünü sultan elan edir və dərhal qardaşlarını və digər kişi qohumlarını öldürtdürür. Bununla o, sultanlığa iddia edə biləcək bütün şəxslərdən canını qurtarır. Məhz belə bir vəhşiliyinə görə Səlim “Yavuz” (zalım) ləqəbi alır.

1513-cü ildə Sultan I Səlim Anadoluda yaşayan şiələrin qətliamını törədir. İqrar Əliyevin orta əsr tarixçilərinə istinadən yazdığına görə o, 7 yaşdan 70 yaşa qədər 70 min şiə öldürür. Digər məlumatlarda isə Səlim 45 min şiə-türkün qanına bais olur. Bundan sonra o, 1514-cü ilin may ayında Səfəvi dövlətinə tərəf yürüyərək Şah İsmayılla müharibəyə qalxır. Lakin müsəlman qanının tökülməsini istəməyən Şah İsmayıl xeyli müddət Səlimi müharibə fikrindən daşındırmağa çalışır. Sultan Səlim Şaha dörd təhqiramiz məktub yazdıqdan sonra Şah İsmayıl ona bu cavabı göndərir:

Mən pirimi haqq bilirəm,
Yoluna qurban oluram,
Dün doğdum, bu gün ölürəm,
Ölən gəlsin – iştə meydan.

Avqustda Maku şəhəri yaxınlığındakı Çaldıran çölündə iki ordu qarşılaşır və Şah İsmayıl bu savaşda məğlub olur. Sultan Səlim Avropa ölkələrindən aldığı artilleriya (300 top) sayəsində Səfəvi ordusuna qalib gələ bildi. Rəvayətə görə, Şah İsmayıl toplara nifrət edirdi və deyirdi ki, əsl cəngavər toplara deyil, qolunun gücünə arxalanmalıdır. Digər rəvayətə görə, Şah məğlub olduğuna görə itiliyi ilə məşhur olan qılıncını Sultana hədiyyə edir. Səlim həmin qılıncla topun lüləsini kəsə bilməyəndə, Şaha xəbər göndərir ki, ona öz qılıncını deyil, başqasını verib. Şah İsmayıl isə cavab verir: “Qılınc həmin qılıncdır, bilək həmin bilək deyil”. Sultan Səlim Yavuz Səfəvi dövlətinin Osmanlı ilə sərhədində yerləşən vilayətləri zəbt etdikdən sonra Şərqə tərəf irəliləməyə istəyir. Lakin yeniçərilərin üsyanı nəticəsində Sultan Səlim Anadoluya qayıtmalı olur. Şah İsmayıl isə Sultandan intiqam almağa qalxmadı.

Sultan Səlimin bu davranışını onun sünni təəssübkeşçisi olması ilə səhvən əlaqələndirilənlər də var. Belə ki Anadolu ərazisində şiələrin qətliamını törətmək və Səfəvilərə hücum etmək üçün o, “kafirlərə qarşı cihad” elan etmişdi. Hətta bunun üçün bəzi sünni üləmalarını fətva verməyə vadar etmişdi. Bütün bunlar Səlimin siyasi ambisiyalarına xidmət edən bir manevr idi. Çünki, Osmanlı və Səfəvi dövlətləri ərazisində yaşayan türklər qohum tayfalar idi. Məzhəb fərqi burada yaşayan tayfaları bir-birinə düşmən etmirdi, lakin Sultan Səlim bu fərqliliyi düşmənçiliyə çevirməyə bacardı. Bunun üçün sadəcə insanların dini təəssübkeşliyini işə salmaq lazım idi. Sonrakı tarix göstərir ki, Sultan Səlim şiələrə qarşı amansız davrandığı kimi, sünnilərin də qanını tökürdü.

Səfəvilərlə müharibədən sonra o, əvvəlcə Elbistana (Ələbusteyn) hücum edib və buranın hakimi Əlaüddövləni öldürdü. Elbistanın Zülqədər sülaləsi (sünni) Şah İsmayılın məmləkətinə pənah aparıb indiki Qax, Zaqatala və Qazax rayonları ərazisində məskunlaşdılar. Daha sonra Sultan Məkkə və Mədinə valisinə hücum edərək müqəddəs torpaqların əmin-amanlığını pozmuş oldu. Məkkə və Mədinənin zəbtindən sonra Səlim özünü “iki müqəddəs şəhərin xadimi” elan etdi. 1516-cı ildə o Qüdsü də müharibə meydanına çevirdi. 1517-ci ildə Misirin paytaxtına daxil olaraq 50 min insan qətlə yetirir. Eyni zamanda o, 800 məmlük bəyinin boynunu vurmağı əmr edir. O, Qahirədə yaşayan Abbasi xəlifəsini məcbur etdi ki, xəlifə titulunu ona versin. Beləliklə də, Sultan Səlim 1517-ci ildə özünü müsəlmanların xəlifəsi elan etdi.

Xalqın xidmətində

Sultan Səlimin işğal etdiyi bəzi əraziləri qaytardıqdan sonra Şah müharibələrə son qoyur. Böyük siyasətçi və hökmdar olmaqla yanaşı, Şah İsmayıl “Xətai” ləqəbi ilə tanınan gözəl bir şairdir. Onun Azərbaycan türkcəsində yazdığı əsərlər ədəbiyyatımızın incilərindən sayılır. Həmçinin Şah əla xəttat, bərbət ifaçısı və xanəndə olub. Özü də məmləkətində incəsənətin inkişafına böyük önəm verirdi. Onun yazdığı şerlər aşıq və dərvişlərin dillər əzbəri idi. Şah İsmayılın xalqın rəğbətini qazanmasına əsas səbəblərdən biri də, onun vergi siyasəti idi ki, öncəki hökmdarların saysız-hesabsız vergilərinin sayı xeyli azaldılmışdı. Bundan əlavə, şah tarixdə ilk dəfə türk dilinə rəsmi status vermişdi. Onun sarayında fars dili ilə yanaşı türk dilində də danışırdılar. Maraqlı faktdır ki, Şah İsmayılın qatı tənqidçilərindən olan İsgəndər Pala özünün “Şah və Sultan” əsərində etiraf edir ki, Sultan Səlim Şah İsmayılla farsca danışdığı zaman o, Sultana türkcə cavab verirdi. Hətta müəllif öz təəccübünü gizlətmir ki, İran hökmdarı türkcə, türk hökmdarı isə farsca danışırdı. Şah İsmayılın apardığı siyasət nəticəsində türk dili və ədəbiyyatı xeyli inkişaf etdi və yayıldı. Hətta XVII əsrin birinci yarısında Səfəvi sarayında Holştin səfirliyində katib işləyən Adam Oleari “Səyahət” kitabında yazırdı: “… İran şairləri fars və türk dillərində şerlər yazırdılar və iranlılar onları həvəslə oxuyurlar, çünki hər iki dil eyni şəkildə geniş yayılıbdır”.

Abbasqulu Ağa Bakıxanov “Gülüstani İrəmdə” yazır: “… Hicri 930-cu ilin əvvəllərində (miladi 1524)… Şah İsmayıl vəfat etdi. O, mehribanlıqda dünyanı işıqlandıran və qəhrəmanlıqda düşməni yaxan, od məcazlı bir sultan idi. Qurmuş olduğu səltənətin mühüm işlərinə məşğul olmasına baxmayaraq, Şah İsmayıl alimlərlə müsahib olub, şer söyləməyə də mail idi”.

Təsadüfi deyil ki, dahi Füzuli Şah İsmayılı “öz zəmanəsinin padişahı” adlandırırdı. Füzuli yaradıcılığı dövrünün böyük hissəsi Kərbəlanın Səfəvi hakimiyyəti altında olduğu zamana təsadüf edir. Böyük alim və şair Məhəmməd Füzuli öz alleqorik “Bəngü-Badə” poemasını da (“Şərab və Tiryək”) Şah İsmayıla ithaf edib. Bu əsərdə “şərab” sözü altında məcazi olaraq Osmanlı, “tiryək” sözü altında isə Səfəvilər nəzərdə tutulur.

“Xətai” ləqəbinin sirri

Şah İsmayılın özünə “Xətai” təxəllüsünün götürməsinin səbəbi dəqiq məlum deyildir. Bəziləri hesab edir ki, ləqəbin kökü “xəta” deyil, “xətay”dır. Xətay isə türk tayfalarından birinin adı olub. Digər rəvayətə görə, Şah İsmayıl:” Mən doğulanda dünyaya yox, xətalar içinə gəlmişəm. Lakin həmişə mənə bir hikmətli səs deyir ki, bu xətaların hamısından çıxacaqsan. O xəta sözü taleyimdə yox, gələcək ləqəbimdə qalacaq.” – deyirdi.

Mövzuya dair forumda müzakirələr ↓
Əli Laricani: “Mən problemin həll yollarını dedim”

Azərbaycan paradoksları. Üzeyir fenomeni

Azərbaycan xalqı paradokslar xalqıdır. Bir tərəfdən muğama yüksək dəyər deyib, elitar səviyyəyə qaldırdığımız zaman, digər tərəfdən əksəriyyət Üzeyir, Balabəy və sairləri kimi gənclərin analoqu olmayan yaradıcılığının vurğunudur. Bəli, bu belədir. Mobil xidmətlərə gələn sifarişləri nəzərə alsaq, kütlənin 90% Üzeyiri seçir. Nə muğam, nə meyxana, nə də digərləri… məhz Üzeyir. Əslində bu fenomendir, Azərbaycan xalqının özünə məxsus fenomeni. Röya, Rəqsanə, Xumar. İndi də — Üzeyir.

Məsələyə gəlin başqa prizmadan baxaq — təkəbbürdən sinəsinə döyən Elmlər Akademiyamız var, amma faktiki bir işə yaramır. Deyirəm, bəlkə oturub  heç olmaya  Üzeyir fenomeni üzərində düşünsünlər. Araşdırma aparılsın — kütlə səviyyəsinin bu həddə enməsinin sirri nədir?! Bəlkə öyündüyümüz quruculuq işləri əksəriyyəti əhatə etmədiyindən kütlə daha da deqradasiyaya məruz qalıb?! Bəlkə səbəb təhsildə rüşvətin tüğyan etməsi və bunun nəticəsi olaraq gənclərimizin elmlə deyil, mənasızlıqlarla məşğuliyyətidir?! Hər nədirsə, amma hər kəs susur.

Üzeyir isə öz “yaradıcılığından” qalmır. Bu günlərdə onun yeni bir xiti işıq üzü gördü — Zəngimcell (Full versiya). İndi mobil xidmətlər təklif edən şirkətlər yenidən sifarişlərin pik həddini yaşayırlar. Acaba, bu ne ya?! =)

Mövzuya dair forumda müzakirələr ↓
Şok! Üzeyirin Zəngimcell xiti (tam versiya) 😀

Universitetlərdə “semestrbaşına” start verildi…

Bu gündən etibarən universitetlərdə “semestrbaşına” start verilib. Korrupsiya ilə mübarizədən daha da qəzəblənən vicdansız müəllimciklər əgər əvvəllər bir fən üçün 50-60 AZN alırdılarsa, indi stavkanı qaldırıb ediblər 100 AZN (!). Analoqu olmayan inflyasiya deyəsən bunlara yaman təsir edib. Özü də azğınlaşmış və müəllim sözünə ləkəciklər oxuyanı oxumayandan da ayırd etmirlər — hər kəsdən eyni məbləğ tələb olunur — fənni bildin və ya bilmədin, xeyri yoxdur.

İTV-ni də nə vaxt açıram, təhsil və orada olan problemlərlə bağlı mənasız şablon diskusiyalar aparılır. Hər kəs problemə dırnaqarası yanaşaraq monoloq oxuyur, hələ bir fərəh dolu baxışlarla ekrana da baxmağı unutmurlar, sanki nəsə böyük bir cəsurluq etdilər. Problem isə dərindir, dərinləşir. Universitetlərdə (məktəblər haqda susuram) demək olar ki, bütün müəllim heyyətinin əli rüşvətə bulaşıb, onların da yarıdan çoxu hətta mənəviyyatını itirib, həyatın mənasını yalnız tələbədən alınan haram rüşvətdə görürlər.

Ex… Təhsil sistemini köklü şəkildə dəyişmək lazımdır ki, cavan kadrlar da gəlib hal-hazırki çirkabın bir üzvünə çevrilməsinlər.

Nəsə. Allah köməyimiz olsun.

Mövzuya dair forumda müzakirələr ↓
Universitetlərdə rüşvət pik həddinə çatdı!

Ən son texnoloji yeniliklər

Çoxdandır texnoloji yeniliklər barəsində bir şey yazmıram. Başlayaq. EvoMouse. Kompüter mouse-larının təkamülü. Amma əfsusar olsun ki, Cellulon şirkətinin istehsalı olan bu inqilabi yenilik hələ satışa buraxılmayıb. Hər-halda İnternetdə nə qədər axtarsam da, satışda olmasına, qiymətinə dair bir şey tapa bilmədim. 20-30 dollar arası olsaydı, alıb bir test edərdik.

********************************************************

Artıq texnoloji aləmin yeni liderinə çevrilən Samsung isə fantastik sayıla biləcək monitorlar seriyasını təqdim etdi. USB3 dəstəkli, avtomatik sönüb-yanan və çoxsaylı yenilikləri özündə cəmləşdirən bu ultra-nazik monitorlar həmçinin 3D texnologiyasını da dəstəkləyir. Əhsən Samsung. Mənim daha çox 9-cu versiya monitorlar xoşuma gəldi. Çox gözəl görüşü var.

********************************************************

iPad-da 3D ekran?! Bu mümkündür! Düzdür, hələlək proqram təminatı səviyyəsində. 😉

Mövzuya dair forumda müzakirələr ↓
Texnoloji yeniliklər

Dində böhran?! Fikirlərim

Bir neçə müddətdir müşahidə edirəm — ən proqressiv gəncliyimiz sürətlə dindən uzaqlaşır, müqəddəs kitabları ələ salıb, dini primitivlik əlaməti hesab edirlər. Bu tendensiya adətən qərbdə daha çox yayılmışdı, indi də biz bunun şahidi oluruq. Axı niyə savadlı insanlar dindən uzaqlaşırlar?! Bəlkə dinin özü doğurdan da primitivləşib?! Yox, fikrimcə primitivləşən din deyil, dini təmsil edən fərdlərdir, şəxsi mənafeyə görə “imana” gələnlərdir.

Maraqlı misal — heç bir video çarxına baxmadığım, amma dostlar tərəfindən vaxtı ilə çox təriflənən Harun Yahya özünə məxsus “qatıqlamqları”  ilə YouTube-un ulduzuna çevrilib. Əslində bu İslama qarşı əvvəlcədən düşünülmüş bir plan da ola bilər — Harunu bir qatı və elmli dindar kimi PR edərək kütləyə istədirlər, daha sonra onun necə mənəviyyatsız olduğunu göstərirlər. Nəticədə İslam bir din kimi gözdən düşür. Ola bilər. Amma gəlin öz bostanımıza da baxaq.

Azərbaycanda İslam dininə mənsub dindarları dörd yerə bölərdim:

1. Səmimi qəlbdən ali varlıq olan Tanrıya inanan, ona hər gün ibədət edib, onu hər an anan insanlar. Belələri hardasa dindarların maksimum 15-20%  təşkil edir.

2. Kiminsə namaz və ibadət etdiyini görüb, onunla bəhsə girib dinə gələnlər. Bu tip insanlar adətən dinə “pokazuxa” üçün gəlirlər. Məsçidlərdə müşahidələrim onu göstərir ki, bu tip insanlar dində olanların hardasa tam yarısını təşkil edirlər. Buna iman yox, bambılizm (cahilliyin bir növü) deyərdim. Bunların flaşmoberlərdən heç bir fərqi yoxdur, onlar da “pokazuxa” üçün əyilib düzəlirlər, bunlar da. Sadəcə məkan başqadır. Belələrinə saxta “hacı”-lar da deyilir. Dini bilikləri isə 0. Özü də dini “kruqdan” ayrıldıqdan sonra, yenidən öz əsl simalarına qayıdırlar.

3. Öz istəklərinə rəğmən dində olmağa məcbur edilənlər. Bunlar adətən az yaşlılar və ya qadınlar olur və öz iradələrinə qarşı ibadət etməyə məcbur edilirlər. Belələri hardasa dindarların 20%-nı təşkil edir.

Və sonda — 4. Dindən sui istifadə edənlər, dinə bir biznes aləti kimi baxanlar. Belələri adət üzrə bizim mollalardır. Yas tutmaq, yas danışmaq bunların peşəsidir. İyrəncdir. Bu gün biabırçı bir mənzərənin şahidi olmuşam — yaxın insanla ibadət üçün “Göy məsçid”-ə getmişdik. Məsçid təmirdə olduğu ibadət üçün balaca bir yer düzəldiblər, o balaca yeri də pərdə ilə 2 yerə bölüblər — birində rüşvətxor mollalar oturub, birində isə camaat öz ibadətini edir. İnanırsız, içəridə oturmaq mümkün olmadı — kimsə mollaya Yasin “oxutmaq” üçün 10 manat pul verib, biri də (deyəsən məsçidin Administrasiyası idi) gəlib ki, “ay molla davay Yasinlərin pullarını düş bura”… Aralarında 5 manata (!) görə mübahisə düşdü… Təsəvvür edin, siz Allah yolunda pulu verirsiz, adını molla qoymuş mənəviyyatsızlar o pulları mənimsəyərək, elə Allah evindəcə dava edirlər. “Göy məsçid” kimi mötəbər bir məsçidi alverxanaya çevirən dünya-malı düşgünlərinə ar olsun! Oranın axundu hara baxır, məlum deyil… Ümumiyyətlə, Azərbaycanda bütün din sistemi çürük, təhsil sistemimiz kimi sovetlərin paslanmış və işləməyən rüşvətxor mexanizmindən başqa bir şey deyil…

Pulu dinə çevirənlər isə özləri də bilmədən başqalarına xidmət etmiş olurlar. Aşağıda post etdiyim maraqlı və düşündürücü bir filmə baxın.

Nəsə. Belə insanlar bütün İslam ölkələrində var, amma nə yazıqlar olsun ki, sadaladığım son 3 tip dindarlar bizdə çoxluq təşkil edir. Məhz onların iyrənc oyunları nəticəsində cavan və proqressiv gənclik dindən iyrənir, məhz onların sayəsində mənən boş insanlar radikallığa üz tutur, mənəviyyatsızlar isə daha da həyasızlaşırlar.

Proqressiv gənclərimizə isə üz tutaraq demək istəyirəm — dostlar, İslam sülh və ədalət dinidir. İslam gözəldir. Sadəcə hansısa fərdlərə görə bütün dindən, sizi yaradandan üz döndərməyin! Onlar buna layiq deyillər…

Allah köməyimiz olsun!

Mövzuya dair forumda müzakirələr ↓
Dində böhran?!

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

Shukurzade & Company

City Brand

FOXMART

FOX.AZ

Euronet Telecommunications

SMSim.az

Online Oboylar

Все для дома

Европейский дом обоев

Немецкий дом света

Azercell Game Center

Islamic Network

Азербайджан Online

Maps Project

Imishli.com

İzləmə sistemləri

RSS və ya Atom