Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

Aran şəkillərdə

Bu günlərdə Arana növbəti səfərim oldu. İmkan edib bir-iki şəkil çəkdim. Bölüşürəm.
Şəkillər İmişli, Sabirabad və Saatlı rayonlarında çəkilib.

İmişli. Müasir çoban İmişli. Sarısu gölünün ətrafı İmişli. Sarısu gölünün ətrafı Sabirabad Sabirabad. Bulaq kəndi Saatlı. Kilsəyə bənzər analoqu olmayan şadlıq sarayı

Yazı həmçinin yayımlanır:
FOXnews.az — Aran şəkillərdə
Forum — Aran şəkillərdə

QŞQZ və ya Qəbələ-Şəki-Qax-Zaqatala qeydləri (2-ci hissə)

Qəbələyə çatar-çatmaz hava tam döndü. Avqust ayı olmasına baxmayaraq, hava birdən ifrat soyudu — 10 dərəcə maksimum isti olardı. Bir tərəfdən də yağış yağmağa başladı + duman. Bir sözlə yayın cırcıramasından dərhal qışa düşdük. Qəbələyə gedib Qəbələnd-ə dəyməmək isə günah olardı. Biz də ənənəyə sadiq qalıb, havanın şıltaqlığını boşa verib, yollandıq müasir attraksionlara sarı.

Qəbələndin adı qabağlar Qafqaz İstirahət Mərkəzi idi (ya da buna oxşar bir şey), rəmzi də əvvəl dağlar idi, indi isə Kinder sürprizdən çıxmış Dinozavr.

Dino qabağdan və daldan. =)

Qəbələnd-də (elə Qəbələ rayonunun özündə də) ideal təmizlik hökm sürür.

Fikirli meymun (arxadan)

Vətənpərvər karusel

Qəbələ təkcə Qəbələndin vətəni deyil, Qəbələ həmçinin qədim Qafqaz Albaniyasının paytaxtı olub, odur ki o qədim şəhərin axtarışına çıxdıq. Sən demə o qədim şəhərin xarabalıqları bizim dövrə kimi kifayyət qədər salamat şəkildə qorunub (təbiət sağolsun) saxlanılıb və Çuxur Qəbələ adı altında mövcudiyyətini davam etdirir. Beləliklə, yola düşdük Çuxur Qəbələyə. Bakıdakı digər çuxur — Qaraçuxurdan fərqli olaraq, Çuxur Qəbələyə ideal asfaltlanmış yol aparır. Çatdıq. Qədim şəhər hər tərəfdən sıldırım qayalarla əhatə olunan 12 hektarlıq təpənin üstündə yerləşdiyindən ora maşınla qalxmaq alınmadı, yer həddən artıq sürüşkən idi. Bir qid tutub, piyada qalxdıq təpəyə.

Təsadüf elə gətirdi ki, gəlib arxeoloji qazıntıların düz üstünə çıxdıq. Sən demə, hər 1-2 ildən bir burada kiçik arxeoloji qazıntılar aparılır. Səbəbini soruşdum — dedilər ki, bəs bu qazıntılar əslində elm üçün deyil, turist axını üçün aparılır. Biraz qazılır — turistlər gəlib baxırlar, sonra qışda qazıntıları su yuyub aparır, gələn yay mövsümündə isə yeni bir yeri qazırlar. Azərbaycan sayağı analoqu olmayan arxeoloji qazıntılar buna deyərlər. =)

Qədim şəhərin qədim qala divarları

Qala divarlarında gizli keçid. Deyilənə görə düşmən şəhəri məhz bu keçidlərin köməyi ilə ram edə bilib.

Ümumilikdə — Qəbələ istirahət üçün gözəl yerdir. Amma mən burada 2 gündən çox qala bilmirəm. Darıxıram. O səbəbdən də yolumuza davam edirik. Növbə Şəkinindir. 😉

Ortastatistik Qəbələ küçəsi

Mövzuya dair forumda müzakirələr ↓
QŞQZ və ya Qəbələ-Şəki-Qax-Zaqatala qeydlərim

QŞQZ və ya Qəbələ-Şəki-Qax-Zaqatala qeydləri (1-ci hissə)

Qeydlərimə başlamazdan öncə kiçik bir olay haqda danışmaq istərdim. Deməli Qəbələ-Şəki yolunda, Oğuz rayonu ərazisində bir paradoksal dairə var. Dairə əsas yoldan demək olar ki, 20-30 metrə aralıda yerləşir. Funksionallığı — tam mənasızlıq, sürücülərə mane olmaq. Təsəvvür edin, sürətlə hərəkət edən avtomobillər qəflətən peyda olan kənardakı dairənin başına “kruq” vurub yollarını davam etməlidirlər. Özü də dairənin yaxınlaşdığını xəbərdar edən işarə də elə vurulub ki, trasda sürətlə hərəkət edən sürücü ona fikir vermir, daha doğrusu fikir verməyə macal tapmır. Yolun o biri tərəfində isə dairəyə “girməyən” sürücünü rəşadətli YPX əməkdaşı gözləyir.

Hava yağmurlu, dumanlı idi. Mən də bu yola bələd olmayan bütün sürücülər kimi dairəni buraxıb yolumu davam etdirmişdim ki, YPX əməkdaşı əl etdi. Saxladım. Sözüm yox, absurd olsa da, qayda pozmuşam, cərimələdi və dedi — 3 gün ərzində cəriməni ödəsən ümumi məbləğə 10% endirim ediləcək. Mən də eləmə tənbəllik elə həmən gün üz tutdum Şəki rayon Kapital Bank filialına. Şirin dilli bir xala dedi, bəs “cərimə hələ kompüterə vurulmayıb”.

Olayın üstündən 3 gün keçdi. Bütün olduğum rayonlarda bank filiallarına baş çəkdim ki, cəriməmi ödəyim — standart cavab aldım — cərimə sistemə oturmayıb. Nəsə. Olaydan artıq 10 gün keçib. Bu gün yadıma düşdü ki, cəriməm var, gedim ödəyim. Üz tutdum sevimli Bank Standarda və yenidən artıq adət etdiyim cavabı aldım. Soruşanda ki, adətən cərimə nə vaxta kimi “oturur” — dedilər 1 ay, ay-yarım. Beləcə 10% endirimim əldən getdi. =)

Bu da həmin mənasız “kruq”.

Şəkillərə böyük həcmdə baxmaq üçün mouse-lə üstündə tıklayın.

Göy guruldadı, çaylar daşdı — beləcə növbəti turne başladı. Davamı növbəti yazıda.

Mövzuya dair forumda müzakirələr ↓
QŞQZ və ya Qəbələ-Şəki-Qax-Zaqatala qeydlərim

Dubai. Azərbaycan gəncinin qeydləri (Sonuncu hissə)

Nəhayət ki, tilsimi qırıb bu dəfəki Dubai qeydlərimin sonuncusunu yazdım. Başlayaq.

Dubai-ı deyəsən çox təriflədim — oraların gerçək analoqu olmayan inkişafına rəğmən, ölkə bir şərq olkəsi olaraq mövcudiyyatını davam etdirir. Burada addımbaşı şərq və totalitar ölkələrə xas itaət obyektlərinə rast gəlinir — Dubai rəhbərlərinin şəkilləri (heykəllər deyəsən qadağandır). Dubai-lıların üç ümummilli liderləri var — hər biri də Al Nahyan və Al Maktoum sülaləsinin üzvləridir — əsas lider Əmirliklərinin təməlini qoymuş şeyx Zayed bin Sultan Al Nahyan hesab olunur. Amma o vəfat etdiyindən şəhərdə onun şəkillərinə az rast gəlinir. Adət üzrə onun adını böyük prospekt və baxımlı məhəllələr daşıyır. Şəkilləri ilə bütün şəhəri bəzəyənlər isə hal-hazırda Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Khalifa bin Zayed bin Sultan Al Nahyan və bütöv Dubai şeyxi Mohammed bin Rashid Al Maktoum-dır.

Şəkillərə böyük həcmdə baxmaq üçün mouse-la üstündə tıklayın.

Şəkildə — Şəhər boyu Dubai-ın ümummilli liderlərinin portretlərinə rast gəlmək olar. Solda BƏƏ prezidenti, sağda isə Dubai şeyxi Mohammed Al Maktoum-dur. 

Ötən yazılarımda qeyd etmişdim – Dubai parokslar şəhəridir — tükənməz var dövlət, hakimiyyət, böyük imkanlar və səviyyəsizlik burada qonşudur.

Şəkildə – Şeyxin oğlunun “obyekti” önündə elə oğlundan bir sadəlik nümunəsi. Əlində brilliant qaşlı telefona fikir verin. =)

Yeni Dubai adlanan rayondan fərqli olaraq, şəhərin tarixi mərkəzi — Deira daha çox filmlərdə qarşılaşdığımız şərq şəhərlərini xatırladır. Bu kimi rayonlar əsasən axşamlar insanlarla qaynayır —  səbəb gündüzlər havanın hərarətinin 45 dərəcədən aşağı olmamasıdır. Dəhşət isti olur. Dubai istisini gördükdən sonra, Bakı istisi insana sərin meh kimi gəlir. =)

Şəkildə — Dubai — əsl nağılvari şərq şəhəri.

Şəkildə — Sən demə Dubai-da badımcanlar da fərqlidir. Bəs sizin yumru badımcanınız varmı?!

Dubai haqda bu qədər. İnşallah növbəti səfərlərimi qələmə almaq ümidi ilə sizlərdən hələlik ayrılıram.

Fürsətdən istifadə edərək, Aslan qardaşıma və onun ailəsinə səfər zamanı göstərdiyi qonaqpərvərliyə görə dərin təşəkkürlərimi çatdırıram.

Mövzuya dair forumda müzakirələr ↓
Dubai. Azərbaycan gəncinin qeydləri…

Hamısı mənimdir! Azərbaycan reallıqları

Bir vaxtlar kütlə üçün ən asan çörək pulu qazanmaq ona-buna baha qiymətə ev sırayıb maklerlik etmək idisə, məlum böhrandan sonra yeni dəb gəldi — əlinə bir taxta alıb yolun kənarında dayanan maşınlardan pul tələb etmək. Normal parking sisteminin olmaması həqiqətən biabırçı situasiya yaradıb. Əhalinin sıx toplandığı istənilən yerdə naməlum mənşəlli insanlar peyda olur, konkret reketliklə insanlardan pul yığırlar. Özü də xahişlə yox, məhz pul TƏLƏB etməklə. Bilmirsən verdiyin bu pullar həqiqətən dövlət büdcəsinə gedir, yoxsa bu dələduzluğun yeni müasir növüdür. Yəqin elə dələduzluqdur — çünki ödəmələr zamanı heç bir çek verilmir, bu isə bir başa dövlət vergisindən yayınma deməkdir. 90% hallarda konfliktlərə qarşı kompleksli millətimiz pulu ödəyir — ödəyim, təki başım dinc, əsəblərim sakit olsun.

Cəzasızlığa güvənib, indi bu növ dələduzluq sahilyanı çimərliklərə də yol açıb — bu günləri bir əcaib situasiyaya ilə rastlaşdım. Kürdaxanı bağları ətrafında (ora Pirşağı da deyirlər) əntiqə bir çimərlik yerləşir. Çimərlik digərlərinə nisbətdə çox kiçik, amma dənizin suyu çox təmizdir. Çimərliyin özü kiçik olduğundan ətrafları boş qumlaqlığdan ibarət idi. İdi… Amma bu ildən etibarən orada “quş-qondular” sayağı bəsit 3-4 “besedkalar” tikib, bütün çimərliyi 2-3 nəfərin arasında bölüb, özününki elan ediblər. Kim bölüb, necə bölüb, heç kimin xəbəri yoxdur. İndi bağ sahibləri dənizə çıxmaq üçün mütləq kiminsə “obyektinə” daxil olmalıdırlar. Onu da qeyd edim ki, araşdırma apardım və sən demə bu torpaqlar sırf dövlət reyestrində olan torpaqlardır, yəni torpaqların faktiki sahibi dövlətdir. Deməli bu quşqondular da qanunsuzdur. Bunu müvafiq orqanlar araşdırar, biz isə çimərlikdə istirahət edən şəxsləri narahat edən problemə toxunaq — qanunsuz pul yığımları. İndi çimərlikdə istirahət etmək istəyən şəxsdən məcburi yer haqqı (!) tələb olunur. Sual olundu ki, bu sahibsiz dəniz sahili üçün niyə yer haqqı ödənilməlidir, deyir bura bizim obyektin (obyekt deyərkən, uzaqda görünən qanunsuz bəsit 3-4 “besedka” nəzərdə tutulur) dənizidir (!). Analoqu olmayan iddia! Təsəvvür edin, gedib sahildən kənarda bir-iki qanunsuz “besedka” tikin, sonra da dənizi özünüzünki elan edin. OK. Bununla da razılaşdıq və “yer haqqı” ödəməyə razılıq verdik, amma bir şərtlə — bizə ödəniş aparıldığına dair çek veriləcək. Sən demə bunların nəinki kassa aparatı, heç ümumiyyətlə çekin nə olduğundan anlayışları belə yoxdur. “Bəs siz dövlətə vergi vermirsiniz?!” sualına cavab isə vəziyyətin nə qədər absurd olduğunu göstərir — cavab, sitat — “buranın yiyəsi özü “naloqda” işləyir!”. Sitatın sonu…

Allah köməyimiz olsun!

Mövzuya dair forumda müzakirələr ↓
Hamısı mənimdir! Azərbaycan reallıqları

Dubai. Azərbaycan gəncinin qeydləri… (4-cü hissə)

Dubai paradokslar şəhəridir. İfrat varlılarla (adət üzrə onlar yerli ərəblərdir) yanaşı gündəlik çörək pulu üçün min-bir əzabla özünü həlak edən ifrat kasıb gəlmələr yaşayır. Bunları gördükdə quldarlıq dövrünün hələ də bitmədiyini anlayırsan.

Yerli ərəb adətən milli paltarlarını geyinib şəhərdə təkəbbürlə gəzişir. Hiss olunur ki, bu ölkənin yiyəsi odur. Gəlmələr — istər ingilisi olsun, istərsə də indusu — ondan istər-istəməz çəkinir. Bizdə isə əksinədir — əcnəbi görən kimi özümüzü itirib, onlardan əskik hiss edirik, milli qürur isə sıfır.

Özü də, ərəblərin hər birinin boyu bir 2 metr. Onlardan yaxşı basketbol komandası yığmaq olardı, amma əfsuslar olsun ki, həddən artıq tənbəldirlər. Belə olmasaydı, şəhərdə demək olar ki, bütün işləri gəlmələrə tapşırıb, özləri istirahətlə məşğul olmazdılar. Bəli, Dubai-da bütün iş yerlərində təmsil olunanlar gəlmələrdir — şəhər polisindən tutmuş küçə süpürgəcisinə kimi. Mən qaldığım müddətdə bir nəfər də olsun işləyən ərəb görmədim. Ərəblərin faktiki işləri gücləri öz zövcələri ilə ucu-bucağı olmayan Mall-ları gəzib, alış-veriş etməkdən ibarətdir.

Şəkillərə böyük həcmdə baxmaq üçün mouse-la üstündə tıklayın.

Şəkildə — tipik analoqu olmayan təkəbbürlü ərəb.

Ərəb geyimləri standartdır. Bəxtəvərlər bizim kimi hər sezonda yeni paltar dərdi çəkmirlər.

Kişiləri — düm ağ ipəkdən hazırlanmış uzun paltar geyinirlər, həm köynəyi əvəz edir, həm də şalvarı. Adını bilmirəm, deyəsən kəfəndir… Başlarında isə mütləq kəlağayı olur (bizlərdə ona “arabka” deyirlər) olur, bir də arabkanı saxlayacaq 2 qat dolanmış qara kəndir. Arabka ilə kəndir bir yerdə çox əla görünür, eləbil tacdır.

Qadınları — adət üzrə onlar da yuxarıda təsvir etdiyim geyimi geyinirlər, yeganə fərq — geyim qara rəngdə olur. Başlarını da bağlayırlar. Bəzən elə olur ki, yalnız gözləri görünür. Amma ərəb qadınlarının geyimi iran qadınlarından fərqli olaraq çox gözəl, baxımlı və dəbli olur. Şəxsən mən iran qadının zövqsüz geyimini gördükdə keçirdiyim əsəbi ərəb qadınlarının geyimini görəndə keçirtmədim, əskinə çox xoşuma gəldi.

Şəkildə — qeyri ərəblərin geyimləri.

Şəhərdə təmsil olunan digər xalqlar isə müxtəlif geyimlərdə olur — kimisi öz milli geyimində (adətən indus və pakistanlılar), kimisi isə sadəcə cins, şortik (əsasən qara dərililər).

Şəkildə — müasir binalar önündə əl ilə yığılmış bəsit qayıqlarla insan daşıyan induslar.

Şəkildə — belə qayıqlarda çayın bir tərəfindən o birinə keçid üçün bizim pulla 8 qəpiyinizdən keçməli olacaqsınız.

Şəkildə — qayıqdan sadəcə görüntülər.

Dubai meqapolis kimi bir necə şəhərciyə bölünüb. Ən baxımlı və müasiri yeni Dubai adlanan şəhərcikdir. Bürc-Al-Xalifa da burada yerləşir.

Bürc-Al-Xalifa. İlk olaraq bu ən hündür binanın adı Bürc-Al-Arab idi, amma deyilənə görə Dubai-da yaşanan maliyyə böhranından sonra, köməyə yetişən qardaş Abu-Dhabi şeyxi kömək etmək üçün ilk şərt kimi bu binanın adının dəyişdirilib onun şərəfinə adlandırılmasını qoyub. Elə o gündən binanın adı dəyişib olub Burc-Al-Xalifa. Əhsən, özünü mənsub olduğu ümmətdən artıq hesab edənlərə…

Şəkildə — yaxında bu möhtəşəm binanı tam çəkmək mümkün deyil, yerləşmir obyektivə. =)

Şəkildə — Bürc-Al-Xalifa o qədər hündürdü ki, onu fotoaparatla tam olaraq yalnız uzaqdan çəkmək mümkündür.

Bunu əvvəlki yazılarımda da qeyd etmişdim — şəhərdə total quruculuq, tikinti işlərinin gedişatına baxmayaraq heç harda toz, torpaq gözə çapmır — ideal təmizlikdir.

Şəkildə — Hanı sement qarışdıran maşınlar? Hanı yolu qazıb, sonra yox olan işçilər… Qərib gəldi bura mənə… =)

Dubai-da sən demə çayı limonla deyil, nanə ilə içirlərmiş. Limon xahiş etdikdə isə limonun yarısını gətirirlər, çaya sıxmaq üçün.

Bu günlük də bu qədər. Gələn yazım final yazı olacaq. İzləyin. 😉

Mövzuya dair forumda müzakirələr ↓
Dubai. Azərbaycan gəncinin qeydləri…

Dubai. Azərbaycan gəncinin qeydləri… (3-cü hissə)

Dubai dedikdə orta-statistik Azərbaycanlının ağlına həmən ucu-bucağı olmayan ticarət mərkəzləri gəlir. Doğrudan, Dubai-a gedib o əfsanəvi ticarət mərkəzlərini gəzməmək günah olardı.

Dubai ticarət mərkəzləri özü-özlüyündə böyük və tükənməz bir dünyadır — bütöv günlərimi sərf etdim, amma nə Dubai City Mall-ın, nə Dubai City Center-in, nə də ki, Dubai Festival Center-in sonuna gedib çıxa bilmədim. Özü də hər birində dəfələrlə oldum. Miqyası təsəvvür edin — bizim görməmişcəsinə ağzı sulu və harda gəldi reklam etdiyimiz Park Bulvar adi Dubai City Mall-ın yanından ən azından 1000 dəfə kiçikdir. Deyərdim Mall-ın elə bir seksiyası Park Bulvar boydadır. =)

Şəkildə — Ticarət mərkəzlərinin nisbətən kiçiklərindən sayılan Festival Center-in 100-lərlə olan xollarlarından biri.

Dubai Ticarət Mərkəzləri tək miqyası ilə seçilmir — onlar insan qabiliyyətinin böyük əsərləridir — hər birinin özünə məxsus memarlığı, daxili tərtibatı, təmizliyi, səliqəliyi göz oxşayır. Bütün dünya brendləri bu kimi mərkəzlərdə özlərinə yer etməyə çalışır. Burada siz Ferraridən tutmuş Bvlgari-yə kimi dünya brendlərini görə bilərsiniz.

Şəkildə — Dubai Ticarət  Mərkəzləri o qədər böyükdür ki, hər seksiyanın sonunda bir böyük incəsənət əsəri olur. Bu fontan kimi.

Şəkildə — və hətta içində yırtıcı akulalar üzən nəhəng akvariumlar…

Gold. Dubai-a gələn Azərbaycanlının işlətdiyi ilk söz. Elə yəqin ona görədir ki, nəhəng qızıl mərkəzlərində analoqu olmayan sayda müşahidə kameralarına rast gəlinir. =)

Onu da qeyd edim ki, Dubai-da satılan qızıl-brilyant həqiqətən göz oxşayır. Onları gördükdən sonra bizim Mərkəzi Univermaqda “brilyant” adıyla satılan daşların adi şüşə olmasına əmin olursan. Nə yazıqlar ki, bizdə zinət əşyaları belə saxtadır…

Şəkildə — Adətən təhlükəsizlik səbəbindən müşahidə kameralarının şəklini çəkməyə icazə vermirlər, amma bu dəfə çəkə bildim. Bax və təəccüblən! Şəkildə hələ mən bütün kameraları qeyd etməmişəm. =)

Ümumiyyətlə, Ticarət Mərkəzlərində fotoaparata gəzən şəxsə biraz şübhəli baxırlar, səbəb — şəkilləri çəkib, sonra malların plaqiat edilməsindən çəkinirlər. Plaqiatdan söz düşmüşkən:

Şəkildə — Bəs sizin Bakıda Dubai binalarından bəsitcəsinə plaqiat edilimş 5 ulduzlu eviniz varmı?! =)

Bir şeyə də fikir verdim, Dubai-da normal səviyyəli adam özünə sığışdırıb gedib McDonalds və digər fastfood kafelərdə yemək yeməz, oralar qara millətin məskənidir. Bizdə isə bunun tam əski müşahidə edilir.

Şəkildə — Korobka-korobka “Niaqrası” var ərəblərin. =)

Bu günlük də bu qədər. Davamını gözləyin. 😉

Mövzuya dair forumda müzakirələr ↓
Dubai. Azərbaycan gəncinin qeydləri…

Dubai. Azərbaycan gəncinin qeydləri… (2-ci hissə)

Dubai müxtəlif xalqları, ənənələri özündə birləşdirən böyük meqapolisdir. Müxtəliflik, rəngarənglik hər şeydə hiss olunur — insanların görünüşü, davarınışından tutmuş şəhərin memarlıq üslubuna kimi.

Şəkillərə böyük həcmdə baxmaq üçün mouse-la üstündə tıklayın.

Şəkillərdə — şəhərdə eyni üslubda tikilmiş məsçidlərə rast gəlmədim, hər biri görünüşcə müxtəlif idi.

Müxtəlif demişkən — burada bizimkilər də özlərinə yer ediblər. Hər zaman olduğu kimi də əsasən restoran və alış-veriş (hər iki mənada) sektorunda.

Şəkildə — Azərbaycanlılara məxsus “Baku Caspian” restoranıdır.

Şəkildə — Anardan saat biznesi. =)

Ümumiyyətlə, bizimkilər Dubai-da yaşayan əhalidə elə təəsurat yaradıblar ki, onlar bizi rus hesab edir. Dəyəndə ki, biz türkük, təəccüblənirlər.

Şəkildə — Ərəblər “Azəri” dilini öyrənməyə can atırlar. Dilimizə “Azəri” dilinin yad olduğu kimi, dərsliyin üstündə əsk olunan rus qızın da yadlığı qeyd etmək istərdim.

Bizimkilər alış-verişlə məşğul olduğu zaman, bədnam qonşularımız ermənilər burada təbliğatla məşğuldurlar. Dubai-a Yerevandan ayda cəmi 2 dəfə təyyarə uçmasına baxmayaraq (müqaisə üçün Bakıdan hər gün ən azı 2 təyarə uçur), adi suvenir mağazasıda erməni təbliğatına rast gəlmək olur. Ermənilərin Dubai-da hələ bir kilsələri də var, daha birini (!) də yenicə tikməyə başlayıblar.

Şəkildə — Ermənistanı təbliğ edən suvenirləri bütün aidiyyəti mağazalardan əldə etmək olar. Azərbaycana aid nə qədər bir şey gəzsəm də tapmadım. Elə ona görə bizlərdən söz düşəndə ərəblərin yadına ya “gold” düşəcək, ya da “yeah, girls, girls”… Əfsuslar.

Bədnam qonşular demişkən. Ruslar da burada böyük bizneslə təmsil olunurlar.

Şəkildə — Rusiyanın mobil operatoru Beeline da Dubai-da fəaliyyət göstərir.

Şəkildə — Ortastatistik ərəb mağazasında məşhur rus yazıçısı Maksim Qorkiydən sitat. =)

Bu günlük də bu qədər. Davamı üçün bloqu izləyin. 😉

Mövzuya dair forumda müzakirələr ↓
Dubai. Azərbaycan gəncinin qeydləri…

Dubai. Azərbaycan gəncinin qeydləri… (1-ci hissə)

Əslindən bu yazını Bakıya dönərkən Dubai beynəlxalq hava limanında yazmağa başladım. Hər tərəfim azərbaycanlı idi, bu azmış kimi informativ tabloda dönəcəyim doğma şəhərin adı da — Haydar Aliyev kimi göstərilmişdi. Sanki Bakıdaydım.  =)

Dubai-a daxil olar-olmaz diqqətimi ilk çəkən məqam — hər tərəfin ideal təmiz olması idi. Bunu hər yerdə müşahidə etmək olur — böyük quruculuq işlərinə baxmayaraq, yollarda toz, palçıq, adət etdiyimiz analoqu olmayan çuxurlara rast gəlmək mümkün deyil. Bütün yollar, körpülər, binalar yaşından və görünüşündən asılı olmayaraq təmiz və baxımlı saxlanılır. Burada həmçinin, siz balkonlardan asılmış pal-paltar, peyk antenalarını görməzsiniz. Hər-halda mən orada olduğum müddətdə bir dəfə də olsun belə bir halın şahidi olmadım.

Şəkillərə böyük həcmdə baxmaq üçün mouse-la üstündə tıklayın.

Şəkildə — Adi yaşayış binası. Nə asılmış pal-paltar var, nə də ki peyk antenaları.

Şəkildə — Bütün yollar boyu kanalizasiya sistemi qurulub, hərçənd Dubai-da ildə 1-2 dəfə yağış ya yağa, ya da yağmaya. Bizimkilər üçün böyük örnək.

Dubai-da digər diqqətimi çəkən məqam — insanların qanunlara olan hörmətidir. Bu əsasən də gündəlik həyatda hiss olunur. Məsələn, heç bir piyada müəyyən edilməmiş yerdən keçməz (əlbətdə ki, əgər o Azərbaycandan gəlmə deyilsə), taksi sürücüsü isə müəyyən edilmiş yerdən kənar öz taksisini saxlamaz və ya heç kəs maşınıyla yol boyu çəkilmiş xətləri tapdalayıb qırmızı işıqdan keçməz. Özü də bu hal yalnız yerli (burada onlara lokal deyilir) əhaliyə aid deyil, qayda-qanunu gəlmələr də gözləyir. Yollarda 2-3 dəfə qayda pozuntusunun şahidi olduq, təsəvvür edin, ikisində sürücü azərbaycanlı çıxdı. =) Ümumiyyətlə, burada qayda pozanlara qarşı sosial qınaq var, onlar qanacaqsız, mədəniyyətsiz kimi qəbul edilir. Əfsuslar olsun, amma bizdə bunun tam əksidir — qayda pozmaq “bomba oğlan”-lıq sayılır. Günah bizim özünü ifadə etmə və cılızlıq kompleksimizdədir.

Dubai-da sərnişin daşıma sistemi də mükəmməl təşkil olunub. Avtobusun sərnişinin istəyi ilə harda gəldi saxlaması fantastik olay kimi görünür. Burada avtobusların dayanması üçün xüsusi ayrılmış dayanacaqlar var və bu dayancaqların sayəsində sərnişin götürən avtobuslar heç bir halda yol ilə hərəkət edən digər avtomobillərin gedişatına maneə olmur. Bizdə 3 sıra dayanıb bütün yolu tutan avtobus sürücülərinin (onlara sürücü demək olarsa) gözlərindən iraq…

Şəkildə — Əksər avtobus dayanacaqları kondisionerlə təhciz olunub.

Şəkildə — Taksilər bizdə biznes klas avtomobillər hesab edilən Toyota Camry və Hyundai Sonatadır.

Şəkildə — Azərbaycan taksi sürücülərinin arzusu — Dubai-da taksiyə minmək üçün bəzən növbəyə durmalı olursan.

Dubai metrosu baxımlı və müasirdir. 2 il ərzində ərəblər 30-dan (!) çox stansiya tikib, təhvil veriblər. Bax buna deyərəm analoqu olmayan inkişaf! Görəsən Tağı müəllimin bundan xəbəri var?! =)

Şəkillərdə — Dubai metrostansiyaları bir-birinə bənzəyir, amma buna baxmayaraq çox proqressiv və müasir görünüşləri var.

Şəkillərdə — həqiqi “analoqu olmayan” quruculuq işləri gecələr də davam edir.

Bu günlük bu qədər, davamı (davamları) mütləq olacaq. Bloqu izləyin. 😉

Mövzuya dair forumda müzakirələr ↓
Dubai. Azərbaycan gəncinin qeydləri…

İmişlidə ağacların soyqırımı (Foto görüntülər)

Azərbaycanın ən qızmar bölgəsində yerləşməsinə baxmayaraq, İmişli rayonu daim öz yaşıllıqları seçilib. Bütün rayon boyu əkilən çox saylı ağaclar küçələrə az da olsa gözəllik verirdi, baxımsızlıq eybini örtürdü. İndi isə rayon bundan da məhrum olub — küçələr boyu bütün çinar, söyüd və digər ağaclar “darama” adı altında kəsilib-doğranıb. Nəticədə rayon küçələri kölgə üzünə həsrət qalan Nigeriyanın ən baxımsız bölgələrini xatırladır. Qarşıdan isə yay gəlir…

Mövzuya dair forumda müzakirələr ↓
Ağac soyqırımı

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

Shukurzade & Company

City Brand

FOXMART

FOX.AZ

Euronet Telecommunications

SMSim.az

Online Oboylar

Все для дома

Европейский дом обоев

Немецкий дом света

Azercell Game Center

Islamic Network

Азербайджан Online

Maps Project

Imishli.com

İzləmə sistemləri

RSS və ya Atom